ALMANİYA DÜNYANIN QABAQCIL İXRAC ÖLKƏSİ ADINI QORUYUB SAXLAMAQ ƏZMİNDƏDİR
Federal Xarici Ticarət və Topdansatış İttifaqının məlumatında deyilir ki, 2006-cı ilin yekun hesablamalarına görə, Almaniya cari ildə də dünya bazarına “Almaniyanın istehsalı” markası altında rekord səviyyədə mal ixrac etməklə, 4 il ardıcıl olaraq “ixrac ölkələri içərisində dünya rekordçusu” adını qoruyub saxlayacaqdır.
Statistik məlumatda bildirilir ki, dünya iqtisadi məkanında tənəzzülə və yanacağın bahalığı, avronun məzənnəsinin dolları üstələməsi kimi amillərin təsirinə baxmayaraq, Almaniya iqtisadiyyatın yüksəlişi və səmərəliliyi sayəsində təkcə 2006-ci ilin noyabrında xarici bazarlara rekord səviyyədə - 84 milyard avro dəyərində məhsul ixrac etmişdir. Bu, Almaniyanın əmtəə ixracı tarixində ən yüksək nailiyyətdir və ötən ilin müvafiq ayı ilə müqayisədə 5 milyard avro çoxdur.
Ekspertlərin fikrincə, Almaniya şirkətlərinin Avropa İttifaqı (Aİ) məkanından kənar ölkələrlə ticarət əlaqələrini genişləndirməsi təqdirəlayiqdir. Belə ki, bu ölkələrə idxalın həcmi 31,2 milyard avrodan 32,7 avroya, həmin ölkələrdən Almaniyaya ixracın həcmi isə 24,2 milyard avroya çatmışdır.
Bütün bunlara baxmayaraq, Aİ ölkələri Almaniyanın əsas ixrac və idxal tərəfdaşları olaraq qalmaqdadır. Hesablamalara görə, Almaniya ötən illə müqayisədə bu il Aİ ölkələrinə ixracın həcmini 17,7 faiz artıraraq 51,4 milyard avroya çatdırmışdır. Bu ölkələrdən isə idxalın həcmi 20,4 faiz artaraq 42,5 milyard avro təşkil etmişdir.