Almaniya məhkəməsi videoqeydiyyatçılarla bağlı yeni qərar verib
Berlin, 22 may, AZƏRTAC
Son zamanlaradək Almaniyada avtomobillərdə videoqeydiyyatçılardan istifadə edənlərin həyatı heç də asan olmayıb. Bu ölkədə ön şüşəyə bərkidilmiş və yolda baş verənləri qeydə alan kiçik kameralar qadağan deyildi, lakin almanların “dashcams” adlandırdığı bu cihazların istifadəçiləri onların faydasından çox başağrısı ilə üzləşirdilər.
Videoqeydiyyatçılardan istifadənin hüquqi bazası kifayət qədər aydın deyildi. Belə ki, videoyazının yol-nəqliyyat hadisəsi zamanı dəlil qismində işə əlavə olunması ilə istifadəçi haqlı olduğunu sübut edə və məhkəməni uda bilərdi, eyni zamanda, yol hərəkəti iştirakçılarının şəxsi məlumatını qoruyan qanunvericiliyə uyğun olaraq cavab iddiası və yüksək cərimə ilə də üzləşmək olardı. Son nəticədə, Almaniyada videoqeydiyyatçılardan istifadə qayda kimi deyil, istisna şəklində həyata keçirilirdi. Ölkəyə gələn əcnəbi avtoturistlərdə isə bu kameraların ümumiyyətlə qadağan edilməsi təsəvvürü formalaşmışdı.
AZƏRTAC xəbər verir ki, Almaniya Federal Məhkəmə Palatası videoqeydiyyatçıların çəkdiyi materialların məhkəmələrdə dəlil kimi istifadə edilməsi üçün icazə verib. Bunun səbəbi avtomobil qəzasına düşmüş Saksoniya-Anhalt federal vilayəti sakininin apelyasiya şikayəti olub. İki maşının sola dönməsi samanı toqquşma baş verib və dəyən zərərin məbləği 1000 avro olub. Lakin zərərçəkmiş üçün başlıca məsələ pul deyil, prinsiplərini müdafiə etmək olub. O, özünü təqsirkar bilməyib və dəlil qismində avtomobilindən çəkilmiş videomaterialı təqdim etmək istəyib.
Lakin iki instansiya məhkəməsi onun dəlillərini rədd edib. Nə ekspertizanın nəticələri, nə də şahid ifadələri məsələyə aydınlıq gətirə bilməyib. Bundan sonra işin göndərildiyi Almaniya Federal Məhkəmə Palatası təkcə konkret olaraq bu məhkəmə üzrə deyil, bütün analoji hallarda videoqeydiyyatçının materialından istifadə edilməsinə icazə verib.
Hakimlər qeyd ediblər ki, əvvəllər olduğu kimi, videoqeydiyyatçıdan istifadə edilməsi şəxsi məlumatların qorunması normalarına ziddir. Lakin yol-nəqliyyat hadisələrində onsuz da avtomobilin dövlət nişanı, sürücülük vəsiqəsi, adlar, yaşayış ünvanı və digər məlumatlar bəlli olur. Belə olan halda, xüsusilə sübutların yetərli olmadığı təqdirdə, kameraların qeydə aldığı yazıları məhkəmədə istifadə etmək yolveriləndir. Bununla belə, məhkəmələr hər konkret prosesdə bunu özləri müəyyən edəcəklər.
Almaniyada əvvəlki kimi, yolda hərəkət zamanı daimi aparılan və hakimlərin dedikləri kimi, “konkret səbəbi olmayan” videoçəkiliş qadağandır. Bunun səbəbi ətrafdakı hər şeyi qeydə almağın, həmçinin avtomobillərin dövlət nişanının, maşında olanların və piyadaların üzlərinin kamera ilə çəkilişinin yolverilməz olmasıdır. Yalnız qısa müddətdən sonra videoçəkilişləri avtomatik və birdəfəlik ləğv edən, lakin konkret hallarda - qəza nəticəsində alınan zərbə və silkələnmədən sonra videoyazının fraqmentlərini saxlayan kameralardan istifadə etmək olar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin