Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır
Şuşa, 15 iyun, AZƏRTAC
Bu gün Şuşada keçirilən beynəlxalq konfransın əhəmiyyəti yalnız hər hansı bir tarixi hadisənin ildönümü ilə məhdudlaşmır. Bu tədbir Azərbaycanın sülh gündəliyinin, regionda və daha geniş coğrafiyada sülhün təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərin beynəlxalq platformada təqdim edilməsi baxımından xüsusi önəm daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.
O bildirib ki, konfransda 15-dən çox ölkədən nümayəndələrin iştirakı da bunun bariz göstəricisidir. Burada əsas diqqət Azərbaycanın sülh quruculuğu təcrübəsinin öyrənilməsinə, müxtəlif ölkələrdə tətbiq imkanlarının müzakirəsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib.
"Keçirilən panel müzakirələri kifayət qədər əhatəli və məzmunludur. Panellərdə dünya miqyasında davamlı sülhün təmin olunması, münaqişələrin qarşısının alınması, dövlətlər arasında etimadın gücləndirilməsi və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıldı",- deyə Ə.Məhərrəmzadə qeyd edib.
Konfrans iştirakçısı əlavə edib ki, bu müzakirələr gələcəkdə qlobal sülh təşəbbüslərinin formalaşmasına mühüm töhfə verəcək. Azərbaycanın sülh siyasəti və Şuşada keçirilən bu beynəlxalq platformanın rolu gələcəkdə akademik araşdırmalarda, dərsliklərdə və beynəlxalq münasibətlər sahəsində nümunə kimi öyrəniləcək.
"Tədbirin məhz Şuşada keçirilməsi isə xüsusi məna daşıyır. Şuşa təkcə tarixi və mədəniyyət paytaxtı deyil, eyni zamanda, dialoq, əməkdaşlıq və sülh ideyalarının təşviq olunduğu mühüm beynəlxalq mərkəzə çevrilməkdədir. Əminəm ki, yaxın gələcəkdə Şuşa regionun deyil, dünyanın aparıcı sülh platformalarından biri kimi tanınacaq", - deyə o vurğulayıb.