Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO
Şuşa, 15 iyun, AZƏRTAC
Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ukrayna Ali Radasının Humanitar və informasiya siyasəti komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin rəhbəri Mikita Poturayev “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” adlı panel sessiyada səsləndirib.
“Şuşada möcüzəvi yeni yolları, genişmiqyaslı tikinti və bərpa işlərini gördük. Həmçinin böyük həcmdə investisiyaların yatırıldığını müşahidə etdik. Bu, tamamilə təbiidir, çünki bu torpaqlar sizin öz doğma yurdlarınızdır. İnsanlar həmişə öz ata-baba yurdlarına, doğma torpaqlarına sərmayə qoyur və onları yenidən qurmağa çalışırlar”, - deyə o əlavə edib.