Almaniyada Azərbaycan mədəniyyəti gecəsi keçirilmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 14-də Almaniyanın Ştutqart şəhərindəki “Teatrhaus” konsert salonunda Azərbaycan mədəniyyəti gecəsi keçirilmişdir.
Layihənin iştirakçısı, gənc bəstəkar, Prezident təqaüdçüsü Günay Mirzəyevanın AZƏRTAC-a verdiyi məlumata görə, bu layihə Heydər Əliyev Fondunun və Azərbaycanın Ştutqartdakı fəxri konsulluğu tərəfindən təşkil edilmişdir.
Tədbirdə Almaniyanın məşhur kollektivləri - “Miguet” kvarteti, “Vokalconsort Berlin” qrupu, italiyalı dirijor, dünya şöhrətli Klaudio Abbadonun varisi Andrea Pestalottsanın rəhbərlik etdiyi “Muzifabrik” ansamblı, habelə Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəli və Murad Hüseynov iştirak etmişlər.
Gecədə Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Günay Mirzəyeva və italyan bəstəkarı Françesko Maconun əsərləri səslənmişdir.
Azərbaycana, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş muğam sənətinə heyran olduğunu söyləyən Maco ölkəmizə ayrıca əsər həsr etmişdir.
İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzi və İtaliyanın “Contempoarte” ansamblı tərəfindən həyata keçirilmiş layihə böyük uğur qazanmışdır.
Finlandiyada keçirilən “Brinkhall summer concerts” festivalının rezident bəstəkarı, təşkilatçısı və bədii rəhbəri, İtaliyada keçirilən “Massenzio arte festival” festivalının bədii rəhbəri F.Maconu Bakıda yaxşı tanıyırlar. O, çox xoşladığı Azərbaycan musiqisini dinləmək, müvafiq layihələr üzərində işləmək üçün dəfələrlə ölkəmizə gəlmişdir.
Ştutqart konservatoriyasının məzunu Günay Mirzəyeva gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramının təqaüdçüsüdür. Hazırda o, Romadakı Santa-Çeçiliya Akademiyasının Konservatoriyasında təhsil alır, eyni zamanda Almaniyanın Karlsrue şəhərində dünya şöhrətli bəstəkar, professor Volfqanq Rimin sinfində bəstəkarlıq doktoru dərəcəsi almaq üçün oxuyur.
Bəstəkar konsertdən sonra demişdir: “Mənə doğma olan Azərbaycan musiqisi bir bəstəkar kimi də mənim üçün çox maraqlıdır. Təsadüfi deyildir ki, Azərbaycana həsr etdiyim əsərlərimdə muğamdan geniş istifadə edirəm. Muğam mənim üçün ilham mənbəyidir.
Bu layihədə iştirak etdiyimə görə, Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya ürəkdən təşəkkür edirəm”.
Xatırladaq ki, Günay Mirzəyeva “Il Fiore del Fuoco” (Azerbaijan Visual Concert) layihəsinin Bakıdakı əsas sponsorları olan Gənclər Fondunun, habelə Azərbaycan Gənclər və İdman Nazirliyinin qrantını qazanmışdır.
Günay Mirzəyeva və Françesko Maco Azərbaycanın və onun musiqisinin İtaliyada və Avropada daha yaxşı tanınması üçün bir neçə müştərək layihə həyata keçirmişlər. Bu il yanvar ayında Bakıdakı Muğam Mərkəzində onların birgə konserti böyük uğur qazanmışdır.