ALMANİYADA XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Fevralın 26-da Berlin Dəyanət Türk İslam Birliyində Xocalı soyqırımının 11-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının və respublikamızın bu ölkədəki səfirliyinin birgə təşkil etdikləri anma mərasimində Azərbaycan cəmiyyətlərinin, Berlindəki Türk Camaatı Birliyinin üzvləri, Türkiyənin Almaniyadakı səfirliyinin əməkdaşları, Almaniyada yaşayan soydaşlarımız, bu ölkədə təhsil alan azərbaycanlı və türk tələbələr iştirak etmiş, ermənilərin Xocalıda həyata keçirdiyi soyqırımının günahsız qurbanlarının xatirəsini yad etmişlər.
Mərasimin keçirildiyi salonda Azərbaycanın və Türkiyənin dövlət bayraqları qaldırılmış,Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin portretləri asılmışdı. XX əsrdə dünyanın ən böyük milli faciələrindən biri olan Xocalı qırğınının dəhşətlərindən bəhs edən fotosərginin ətrafına qırmızı qərənfillər düzülmüşdü. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, onların ruhlarına dualar oxundu.
Azərbaycan Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına Müraciətinin, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrın, Dağ yəhudiləri icmasının başçısı Semyon İxiilovun dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə, din xadimlərinə və beynəlxalq təşkilatlara müraciətlərinin mətnləri mərasim iştirakçılarına paylanmışdır.
Türkiyənin Almaniyadakı səfiri Osman Korutürk, ölkəmizin Almaniyadakı səfiri Hüseynağa Sadıqov, Berlin Türk Camaatı Birliyinin başqanı Tacəddin Yetgin və başqaları çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqına qarşı, ümumiyyətlə, insanlara və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayət olduğunu bildirdilər, beynəlxalq ictimaiyyəti xalqımızın faciəsinə biganə qalmamağa, Xocalıda törədilmiş misli görünməmiş qırğına prinsipial hüquqi qiymət verməyə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində bizimlə həmrəy olmağa, haqq səsimizə səs verməyə çağırdılar.
Mərasim başlamazdan əvvəl tədbirin çoxsaylı iştirakçıları polisin rəsmi icazəsi və müşayiəti ilə Berlindəki Ermənistan səfirliyinin önünə yürüş etmiş və orada etiraz mitinqi keçirmişlər. “Berlin-TD1” türk televiziya kanalının çəkiliş qrupu soydaşlarımızın dinc yürüş və mitinqini lentə almışdır.
Soydaşlarımız Almaniyanın digər şəhərlərində - Mayntsda, Kölndə, Düsburqda, Essendə, Ştuttqartda, habelə Hollandiyada Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini yad etmiş, anma mərasimləri keçirmişlər.
Hamburqda təhsil alan tələbələrimiz isə ilk dəfə olaraq internetdə Xocalı soyqırımı haqda səhifə açmağa nail olmuşlar.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin