Almaniyada yaşayan iranlılar vətənlərinə tibbi yardım göndəriblər
Tehran, 18 avqust, AZƏRTAC
Almaniyada yaşayan iranlılar 100 min avro dəyərində tibbi avadanlıq və ləvazimat alaraq İranın Berlindəki səfirliyinə veriblər.
AZƏRTAC səfirliyin bəyanatına istinadla xəbər verir ki, İranda koronavirus infeksiyasının geniş yayılmasına biganə qalmayan iranlılar pul toplayaraq süni nəfəs aparatı, orqanizmdə COVID-19 virusunu müəyyən edən test aparatı və digər avadanlıqlar alıblar. Alınan 60 tonluq yükü səfirlik “Əl-Cəzirə” hava yolları şirkətinin təyyarəsi ilə İrana göndərib.
İranın Səhiyyə Nazirliyinin bu gün verdiyi açıqlamaya görə son 24 saat ərzində ölkədə 39 min 174 nəfər virusa yoluxub, 583 nəfər isə yoluxaraq ölüb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 4 milyon 556 min 417 nəfərə, yoluxaraq ölənlərin sayı isə 99 min 691-ə çatıb.
Xəstəxanalarda müalicə alan 7 min 490 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 3 milyon 814 min 127 nəfər sağalaraq evə buraxılıb.
İranda Məhərrəm ayı ilə əlaqədar olaraq məscidlərə toplaşanların sayı çox olduğuna görə mütəxəssislər hesab edirlər ki, yaxın həftələrdə yoluxma sayında daha çox artım müşahidə ediləcək.
Bu gün İrana Çin, İtaliya və Cənubi Koreya istehsalı olan ümumilikdə 24 milyon doza peyvənd idxal edilib. Əhaliyə peyvənd vurulması davam edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran