Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımına həsr edilən beynəlxalq konfrans keçirilib
Berlin, 23 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Almaniyanın Bielefeld Universitetində beynəlxalq konfrans keçirilib. Ölkənin Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı və Türkiyə Gənclər Təşkilatının dəstəyi ilə keçirilən konfransda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədr müavini Faiq Məmmədov konfrans iştirakçılarına Xocalı soyqırımı barədə məlumat verib.
Professor Mehmet Perinçek apardığı çoxsaylı elmi-tədqiqat işlərinin nəticələri və arxiv sənədləri əsasında çıxış edərək iştirakçıları “Böyük Ermənistan” adlı xəyali dövlət yaratmaq məqsədilə 1890-cı ildə təsis edilmiş “Daşnaksütun” partiyası, erməni milli hərəkatının qəsbkar siyasəti haqqında məlumatlandırıb. M.Perinçek çar Rusiyasının himayəsi altında erməni dövlətinin yaradılması, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsinə nəzər salıb. Türkiyəli alim bu barədə dərc etdirdiyi kitabları haqqında məlumat verib, həmin nəşrlərdən sitatlar gətirib.
Qeyd edək ki, Mehmet Perinçek qondarma erməni soyqırımının beynəlxalq yalan olduğunu bildirən və buna görə İsveçrədə cinayət məsuliyyətinə cəlb olunmuş Doğu Perinçeyin oğludur.
Azərbaycan həqiqətləri barədə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva erməni yalanlarını ifşa etmək, bu barədə Almaniya ictimaiyyətini məlumatlandırmaq üçün Azərbaycan və türk gənclərini daha fəal olmağa çağırıb. O, gənclərin daha çox müxtəlif arxivlərdə araşdırmalar aparmasının, erməni yalanlarının tarixi faktlarla ifşa edilməsinin və arxiv materialları əsasında ayrı-ayrı dillərdə kitabların dərcinin vacib olduğunu vurğulayıb.
Alman-Azrbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva isə Xocalı soyqırımı haqda Avropa ictimaiyyətinin geniş məlumatlandırılması istiqamətində görüləcək işlər barədə danışıb, hər kəsi bu fəaliyyətdə birliyə və aktiv olmağa dəvət edib.
Çıxışlardan sonra konfrans iştirakçıları arasında müzakirələr aparılıb. Konfransda Azərbaycan və türk diaspor təşkilatlarının, o cümlədən Kölndəki Alman-Azərbaycan Mədəniyyət Evinin, Hannoverdə fəaliyyət göstərən “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin, Bielefeld Atatürkçü Düşüncə Dərnəyinin rəhbərləri və üzvləri iştirak ediblər.
Konfransın keçirildiyi Bielefeld Universitetin foyesində “Xocalı soyqırımı” adlı informasiya stendi də qurulub. Stenddə Xocalı dəhşətlərini əks etdirən kitab, jurnal, broşür və digər əyani vəsaitlər nümayiş etdirilib, tələbələrə və qonaqlara faciə haqqında məlumat verilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin