Almanlar Milad bayramı ərəfəsində ekologiyanı da unutmurlar
Berlin, 16 dekabr, AZƏRTAC
Almaniyada Milad bayramı çoxəsrlik bir ənənə - doğmalara və dostlara hədiyyələr bağışlamaq ənənəsi ilə bağlıdır. Almanlar hədiyyələr almaq üçün xərclərin məbləğinə görə ilbəil yeni rekord nəticələr göstəriblər. Lakin son illərin hadisələri bu ənənəyə bəzi dəyişikliklər edib. Əvvəlcə koronavirus pandemiyası, sonra isə Ukraynada başlanmış müharibə ilə əlaqədar enerji böhranı onları bir qədər ehtiyatlı olmağa məcbur edib, çünki hədiyyənin təqdim edilməsi çox vaxt onu alan şəxsə fiziki mənada yaxınlaşmağı nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, son vaxtlar Almaniya cəmiyyətində ekoloji cəhətdən təhlükəsiz alış-verişə diqqət yetirməyə başlayıblar. Son bir ildə bu ölkədə və bütün Aİ məkanında hədiyyələri istifadədə olmuş əşyalar satılan mağazalardan seçmək halları geniş yayılıb. Sosioloji sorğular göstərir ki, almanlar istifadədə olmuş əşyaları həm hədiyyə etməyə, həm də hədiyyə kimi qəbul etməyə hazırdırlar. 25-44 yaşlı almanların hər iki nəfərindən biri buna hazır olduqlarını bildiriblər.
Bu trend təkcə enerji böhranı ilə bağlı deyil. Bu il belə bir ənənənin populyarlaşması, çox ehtimal ki, sadəcə, resurslara qənaət etmək arzusundan irəli gəlir. Almaniyada ekoloji şüuru inkişaf etmiş insanların sayı getdikcə artır. Son illərdə almanlar orijinal ideyalara üstünlük verməyə başlayıblar. Onlar hovuzlara və idman zallarına, muzeylərə birlikdə getməyi, sadəcə bir fincan qəhvə içə-içə söhbət etməyi üstün tuturlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin