“Alpan-Alban türk yurdu” kitabı oxuculara təqdim olunub
Quba, 8 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada “Alpan-Alban türk yurdu” kitabı oxuculara təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 9 Avqust - Beynəlxalq Kitabsevərlər Günü münasibətilə “Kitab dostumuz, ən dəyərli bilik mənbəyimizdir” adlı tədbirdə təqdim olunan kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin və “Gülüstan” elmi-ədəbi məclisinin üzvü, qubalı şair-publisist, tədqiqatçı-yazar Cabir Albantürkdür.
Kitabda Azərbaycanın, xüsusilə Qafqaz Albaniyasının Quba bölgəsinin Alpan kəndinin tarixi ilə bağlı elmi–publisistik məqalələr, tarixə dair müxtəlif elmi-bədii nümunələr, alpanlıların erməni faşizminə qarşı keçdiyi qəhrəmanlıq yolundan bəhs olunur.
Tədbirdə şəhid valideynləri, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin, Quba Tarix-Diyarşünaslıq Muzeyinin və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, yerli yazarlar və fəal oxucular iştirak ediblər.
Çıxış edənlər 9 Avqust - Beynəlxalq Kitabsevərlər Günü, həmçinin təqdimatı keçirilən kitab haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, kitab oxumaq mədəniyyətinin formalaşdırılması, gənclərdə analitik təfəkkürün, tədqiqat marağının, bədii zövqün inkişaf etdirilməsi istiqamətində kitabxanaların və mədəniyyət ocaqlarının böyük rolu var.
Sonda iştirakçılar “Kitabın sehrinə səyahət” adlı sərgi ilə tanış olublar.