Altı rayonda mülki müdafiə sahəsində görülmüş işlər müzakirə olunub
Bakı, 25 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin təşəbbüsü ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Zaqatala Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə FHN-in Şimal-qərb Regional Mərkəzinin və sözügedən rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, yerli özünüidarəetmə orqanlarının, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının məsul vəzifəli nümayəndələri iştirak ediblər.
Müşavirələrdə Regional Mərkəzin və icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Daha sonra Şimal-qərb Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülən işlərdən bəhs edib, mülki müdafiə obyektlərində keçirilən monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd edilib ki, cari ilin təqvim planına uyğun olaraq, rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirələrdə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.