Altı yüzdən yüksək balla Pedaqoji Universiteti seçənlər
Bakı, 7 sentyabr, AZƏRTAC
2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan 8 nəfər ixtisas seçimi zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) və onun filiallarını seçib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi və təhsil sisteminin inkişafı istiqamətində atılan ardıcıl addımlar müəllimlik peşəsinə olan marağın və bu peşənin cəmiyyətdəki nüfuzunun artmasına da təsir göstərir. Müəllim peşəsinin daha yüksək nəticə göstərən gənclər üçün də cəlbedici karyera istiqamətinə çevrilməsi son illərin qəbul göstəricilərində özünü aydın şəkildə göstərir. Bu tendensiya qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin pedaqoji ixtisaslara marağında da müşahidə olunur. Artıq bir neçə ildir ki, yüksək bal toplayan gənclər arasında müəllimlik ixtisaslarını seçənlərin, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinə üstünlük verənlərin sayının artması diqqət çəkir. Bu isə müəllim hazırlığının və pedaqoji təhsilin ölkənin gələcək inkişafında oynadığı rolun getdikcə daha çox qiymətləndirildiyini göstərir.