AMADA-nın illik hesabat xarakterli mətbuat konfransı keçirilir
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) illik hesabat xarakterli mətbuat konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə il ərzində AMADA-nın gördüyü işlər barədə ətraflı məlumat verilir. Belə ki 2020-ci il antidopinq sahəsində bir sıra vacib hadisələrlə yadda qalıb. COVID-19 koronavirus pandemiyasının dopinq nəzarəti sahəsinə təsiri, pandemiyanın yaratdığı reallıqlara uyğun fəaliyyətin necə qurulması ilə bağlı media nümayəndələrinə ətrafli məlumat verilir.
2021-ci ildən etibarən yeni Antidopinq Məcəlləsi, habelə yeni standartlar və qaydalar qüvvəyə minəcək. Yeni qaydalar milli idman federasiyaları, idmançılar və idmançıya köməkçi heyəti üzərinə bir çox vacib öhdəliklər qoyur və öhdəliklərin yerinə yetirilməməsinə görə sanksiyalar nəzərdə tutulur. Həmin öhdəliklər və sanksiyalar ilk dəfə ictimaiyyətə açıqlanacaq. Yeniliklərin idman ictimaiyyətinə çatdırılması üçün AMADA tərəfindən həyata keçirilən layihələr və görülən işlər barədə ictimaiyyət məlumatlandırılacaq. Bundan əlavə 2020-ci il ərzində qəbul olunmuş sanksiya qərarları, nəticələri ləğv edilmiş və medalları geri alınmış idmançılarla bağlı məlumatlar veriləcək.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.