AMADA və “Technofusion IT” şirkəti blokçeyn texnologiyası əsasında idmançıların vahid reyestrini yaradırlar
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və yerli “Technofusion IT” şirkəti blokçeyn texnologiyası əsasında ölkə idmançılarının vahid reyestrinin hazırlanması üzərində işləyirlər.
AMADA-dan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində hər bir idmançının “rəqəmsal oxşarı” yaradılacaq. Blokçeyn əsaslı reyestrdə təkcə idmançılar haqqında yox, onların məşqçi və həkimləri barədə də məlumatlar yerləşdiriləcək. AMADA və “Technofusion IT” şirkəti reyestri 2020-ci ilin əvvəlində işə salmağı planlaşdırırlar.
AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, blokçeyn texnologiyasından istifadə idmançılar haqqında məlumatların itirilməsi və ya saxtalaşdırılması risklərinin qarşısını alır. Blokçeyn əsasında işləyən məlumat bazasında hansısa bloku silmək və ya dəyişdirmək mümkün deyil. İdmançının bütün şəxsi məlumatları ən güclü kriptoqrafik alqoritmlərlə qorunacaq. Bu, antidopinq dünyasında şəffaflığın və dürüstlüyün təmin olunmasında mühüm rol oynayacaq. Belə reyestrin yaradılması üçün blokçeyn texnologiyasından istifadə AMADA tərəfindən antidopinq dünyasına təklif edilən növbəti yenilikdir.
“Technofusion IT” şirkətində “Data Science” bölməsinin rəhbəri Aleksandr Kuklin vurğulayıb ki, blokçeynin əsas xüsusiyyətlərinə mərkəzsizləşdirmə, şəffaflıq, nəzəri qeyri-məhdudluq, etibarlılıq aiddir. Ənənəvi məlumat saxlama sistemləri belə üstün cəhətlərə malik deyillər. Bu, blokçeynin xeyrinə seçim etməyimizə səbəb olub. Bu layihə blokçeyn texnologiyasının kamilliyini real həyatda qiymətləndirməyə imkan verəcək. AMADA ilə birgə layihə Azərbaycan üçün unikaldır. İlk dəfədir ki, yerli şirkət belə bir innovativ məhsul hazırlayacaq.