AMEA-nın Gəncə Bölməsində “Mirzə Mehdi Naci. Seçilmiş əsərləri” kitabı çap olunub
Bakı, 12 aprel, AZƏRTAC
AMEA-nın Gəncə Bölməsində nəşr edilən “Mirzə Mehdi Naci. Seçilmiş əsərləri” kitabında şairin qəzəl, müxəmməs və müsəddəsləri, rübailəri, müxtəlif şerləri, həcvlərdən seçmələr, habelə farscadan tərcümə edilmiş şerlər toplanıb və burada şairin güclü humanizmi əks olunub. Əsərdə təbib, həkkak və şair olan Mirzə Mehdi Nacinin yaradıcılığı hərtərəfli tədqiq və təhlil olunub.
Bu barədə AZƏRTAC-a Gəncə Bölməsindən məlumat verilib. Bildirilib ki, Gəncə Bölməsində çap olunan kitab maarifpərvər şairin çoxşaxəli, zəngin yaradıcılığının daha dərindən araşdırılmasında, tədqiq və təbliğində çox önəmli addımdır. Kitabda transliterasiya, tərcümə, tərtib və “Ön söz”ün müəllifi Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, Əməkdar elm xadimi, professor Xəlil Yusiflidir.
XIX əsr Azərbaycan ədəbiyyatında maarifçilik ideyaları mövqeyində duran, “Divani-hikmət” ədəbi məclisinin ən fəal üzvlərindən biri, Mirzə Şəfi Vazehin ən yaxın həmkarı və onun ölümündən sonra “Divani-hikmət”ə rəhbərlik edən Mirzə Mehdi Naci halal, haqq-ədaləti sevən, dürüst, dindar ziyalı olub, yalana, əyriliyə, riyakarlığa, böhtana qarşı barışmaz mövqe nümayiş etdirib. O, yaradıcılığında da insansevər sənətkar kimi hər cür saxtakarlığa, əyriliyə, ehkamçılığa qarşı mübarizə aparıb.
Mirzə Mehdinin özünə Naci, yəni nicat verən təxəllüsünü götürməsi onun təbibliyi ilə bağlıdır. Naci bir təbib kimi Gəncədə və Gəncəbasarda yaxşı tanınıb, onun ayrı-ayrı adamları müalicə etməsi ilə bağlı faktlar əsərlərində də yer alıb. Bu görkəmli şəxsiyyətin yaradıcılığı tədqiq olunmadığı üçün onun haqqında ədəbiyyat tariximizdə adı yalnız həcvçi (tənqidçi) şair kimi çəkilib. Halbuki Naci “Divan” əsərində ictimai, fəlsəfi mövzularda yazılmış şeirlər daha çoxdur. Onun qəzəl, müxəmməs, müsəddəs, qoşma, rübai janrlarında yazdığı şeirlərdə zamanın nəfəsi duyulur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlər planı çərçivəsində nəşr edilən yeni kitab Mirzə Mehdi Nacinin ədəbi irsinin daha dərindən öyrənilməsinə sanballı töhfə, ədəbiyyat tariximizi tədqiq edən ədəbiyyatşünas alimlər üçün qiymətli elmi mənbədir.