AMEA-nın Yüksək Texnologiyalar Parkında ilin yekunlarına həsr olunan yığıncaq keçirilib
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) 2018-ci ilin yekunlarına həsr olunan yığıncaq keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov müəssisənin illik fəaliyyətinə dair məruzə ilə çıxış edib. N.Şükürov bildirib ki, “Texnologiyalar parkı haqqında Nümunәvi Әsasnamә” nin 5-ci bəndinə uyğun olaraq, YT Park illik hesabat hazırlamalı və dövlətimizin başçısına təqdim etməlidir. Hesabatda YT Parkın rezidentləri, onların istehsal etdikləri məhsullar, həmçinin ərazidə yerinə yetirilmiş mühəndis-infrastruktur layihələri, abadlıq işləri, əldə olunmuş mühüm nailiyyətlər və qarşıda duran vəzifələr əks olunmalıdır. O, YT Parkda cari ildə yerinə yetirilmiş işlər barədə hesabatın ümumiləşdirilərək nəşr olunacağını bildirib.
Rezident şirkətlərin illik hesabatlarının toplanılmasının zəruriliyini vurğulayan direktor 2018-ci ildə ölkəmizdə ilk dəfə olaraq rezident “Buta Armor” şirkətinə zirehli jiletlərin və aksesuarların istehsalı üçün icazənin verilməsinin də illik hesabata daxil ediləcəyini vurğulayıb. Həmçinin daxili auditor və maliyyə şöbəsinə YT Parkın son bir ildəki fəaliyyəti ilə bağlı müstəqil auditor rəyinin hazırlanması tapşırılıb.
Tədbirdə illik hesabatların hazırlanması üçün icraçılar müəyyən olunub, konkret tapşırıqlar verilib.