AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA
Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Amerika xalqını şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün bütün dünya miqyasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Birləşmiş Ştatların göstərdiyi səylər böyük razılıq hissi doğurur. Qlobal təhlükələrə və çağırışlara qarşı beynəlxalq birliyin mübarizəsində Birləşmiş Ştatların qətiyyətli mövqeyi və aparıcı rolu hər cəhətdən təqdirəlayiqdir.
Strateji tərəfdaş olan ölkələrimizin xüsusən beynəlxalq terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində yaxından əməkdaşlığı uğurla davam etməkdədir. Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənilməsində, enerji daşıyıcılarının dünya bazarlarına çatdırılması üçün transmilli nəqliyyat infrastrukturunun yaradılmasında Birləşmiş Ştatların dəstəyi bizim üçün çox vacibdir. Biz həmçinin cəmiyyətimizin demokratikləşdirilməsi proseslərinə Birləşmiş Ştatların maraq və yardımını yüksək qiymətləndiririk.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların ardıcıl səyləri ölkənizin xoş məramını bariz şəkildə ifadə edir və biz bu səylər nəticəsində nizamasalma prosesi çərçivəsində tezliklə irəliləyişlər əldə ediləcəyinə böyük ümidlər bəsləyirik.
Bir daha, cənab Prezident, Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 iyun 2006-cı il.