AMERİKA HƏRBÇİLƏRİ İSTEHKAMÇILARIMIZA SERTİFİKATLAR TƏQDİM ETDİLƏR
Avqustun 28-də R.Behbudov adına Mahnı Teatrında ABŞ hərbçilərinin ərazilərin minalardan təmizlənməsi üzrə keçirdikləri kursların 50 məzununa sertifikatlar təqdim edilməsi mərasimi olmuşdur.
ABŞ səfirliyi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin təşkil etdiyi mərasimi agentliyin direktoru Nazim İsmayılov açdı. O, agentliyin fəaliyyəti, ABŞ Dövlət Departamenti və səfirliyin göstərdiyi yardım barədə məlumat verdi.
ABŞ ordusunun Avropadakı komandanlığının kapitanı Adrian Cons Azərbaycanda milli kadrların hazırlığı prosesi barədə danışdı. O bildirdi ki, amerikalı mütəxəssislər yerli istehkamçılar üçün 400 min dollar məbləğində avadanlıq qoyub gedirlər. Bundan əlavə, Avropa komandanlığı bu il Azərbaycan ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarının həyata keçirilməsinə 1,6 milyon dollar vəsait ayırmışdır.
Sonra baş nazirin müavini, Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə dövlət komissiyasının sədri Abid Şərifov, ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson, BMT-nin ölkəmizdəki nümayəndəsi Marko Borsotti çıxış edərək, ərazilərin minalardan təmizlənməsi üzrə milli qrupun yaradılmasının əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, milli agentliyin yaradılmasında və yerli mütəxəssislərin hazırlanması prosesində BMT-nin İnkişaf Proqramı, ABŞ, Kanada, Yaponiya, İsveçrə və digər ölkələrin hökumətləri fəal iştirak etmişlər. Onlar 5 il ərzində həyata keçirilən tədbirlərin donorları olmuşlar. Ərazilərin minalardan təmizlənməsi üzrə milli qrupun yaradılması və onun avadanlıq və cihazlarla təmin olunması ABŞ ordusunun Avropadakı komandanlığının müstəsna xidmətidir.
Sonra Amerika hərbçiləri istehkamçılarımıza ərazilərin minalardan təmizlənməsi üzrə mütəxəssis sertifikatları təqdim etdilər. Əlamətdar haldır ki, məzunların çoxu işğal altında olan rayonların sakinləridir.