DÜNYA
AMERİKA HƏRBİ TƏLİMATÇILARI GÜRCÜSTAN MÜDAFİƏ NAZİRLİYİNİN DÖRD BÖLMƏSİNİ HAZIRLAYACAQLAR
Gürcüstan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq proqramına uyğun olaraq, Amerika hərbi təlimatçıları bu il Gürcüstan Müdafiə Nazirliyinin dörd bölməsini - iki piyada və bir xüsusi əməliyyat batalyonunu, habelə bir mexanikləşdirilmiş tank qrupunu hazırlayacaqlar. ABŞ bu planların həyata keçirilməsinə 65 milyon dollar ayırır.
Gürcüstan Müdafiə Nazirliyindən bildirmişlər ki, cari ildə Gürcüstana 150 nəfərdən artıq Amerika mütəxəssisi gələcəkdir. Təlimatçıların təxminən 20 nəfərdən ibarət ilk qrupu artıq Tbilisidədir.
Ölkənin müdafiə idarəsindən alınmış məlumata görə, Gürcüstan ordusu tədricən hərbi xidmətin müqavilə sisteminə keçiriləcəkdir. Ümumiyyətlə, təxminən 2 min hərbi qulluqçu - sıravi və zabit seçmək planlaşdırılır. Onlar amerikalı təlimatçılar tərəfindən hazırlanmış bölmələrdə xidmət edəcəklər. Gürcüstanın müqaviləçi zabitlərinin aylıq əmək haqqı 700 lari (təxminən 330 dollar), serjantlarınkı isə təqribən 400 lari olacaqdır.
İTAR-TASS-ın verdiyi xəbərə görə, gələcəkdə Gürcüstan ordusunun şəxsi heyətinin üçdə ikisini müqaviləçilər, qalanını isə həqiqi hərbi xidmətə çağırılanlar təşkil etməlidirlər. Müqavilə üç il müddətinə bağlanacaq, həqiqi hərbi xidmət vaxtı isə 1,5 il olacaqdır.