Amnistiya aktı cəmiyyətdə həmrəyliyin daha da möhkəmləndirilməsinə xidmət edəcək ŞƏRH
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanda hüquqi dövlət quruculuğu və humanizm prinsipləri daim rəhbər tutulub, bu istiqamətdə mühüm addımlar atılıb. Prezident İlham Əliyevin Amnistiya elan olunması təşəbbüsü də bu baxımdan çox əhəmiyyətlidir.
Bunu AZƏRTAC-a açıqlamasında “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri Vüqar Əhmədov söyləyib.
V.Əhmədov deyib ki, Amnistiya aktı cəmiyyətdə həmrəyliyin daha da möhkəmləndirilməsinə xidmət edəcək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində bir çox ailələrə sevinc bəxş edəcək.
“Bu günə qədər Azərbaycan üçün ən əlamətdar günlər olan Novruz bayramında, Müstəqillik və Zəfər günlərində amnistiya aktı imzalanıb. Yeni il qabağı irəli sürülən bu Amnistiya təşəbbüsü də özü-özlüyündə bir yenilik olacaq və vətəndaşlarımızın həyatına müsbət dəyişiklik gətirəcək. Dövlətimizin başçısının apardığı siyasət hər zaman sosialyönümlü, vətəndaşların hüquqlarını qoruyan və onlara dəstək olan addımlara söykənib. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü həm də Azərbaycanın humanist və ümumbəşəri dəyərlərə hörmət edən dövlət olduğunu bütün dünyaya göstərir”, - deyə İctimai Birliyin sədri vurğulayıb.