Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yaxşılaşdırılır
Bakı, 31 dekabr (AZƏRTAC). Son illərdə ölkəmizdə ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, yeni doğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası” proqramları bu qəbildəndir.
Antenatal xidmətin təşkilində və hamilələrin hospitalizasiyasında olan problemlərin aradan qaldırılması məqsədi ilə nazirlik tərəfindən tibb müəssisələrinin bu sahədə fəaliyyətini tənzimləyən normativ sənədlər qəbul olunmuşdur. Hazırda hospitalizasiya bölgü prinsipi əsasında, perinatal yardım səviyyələri üzrə müəssisələrə uyğun həyata keçirilir.
Bundan əlavə, tibbi göstəriş olmadan qeysər kəsiyi əməliyyatlarının qarşısının alınması məqsədi ilə qanunvericilikdə müvafiq dəyişikliklər edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən “Qeysər kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları” və bu əməliyyatlar üzrə klinik protokol hazırlanaraq kollegiyanın qərarı ilə təsdiq edilmişdir.
Son illərdə Bakıda və bölgələrdə ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrinin dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır. Görülmüş tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur. Əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2013-cü ildə bu rəqəm 10,8-ə bərabər olmuşdur. Ana ölümü əmsalı isə 2003-cü illə müqayisədə 18,5-dən 14,5-ə enmişdir.