ANAMA-nın sədri: Müharibədən sonrakı dövrdə 106, 9 min hektar ərazi minalardan təmizlənib
Bakı, 4 noyabr, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə insanları su ilə təmin etməli olan çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyuları qurudulmuş, müharibənin partlayıcı qalıqları ilə çirkləndirilmişdir. Bu su mənbələrini əhatə edən kanallar isə minalarla çirkləndirilərək, onları yüksək təhlükə mənbəyinə çevirmişdir. Tərtər, Xaçın, Qarqar, Həkəri, Köndələn və bir çox digər çaylar bu gizli təhlükənin ağır yükünü daşıyır və minaların olması səbəbindən ekologiyaya mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov parlamentdə keçirilən “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı söyləyib.
ANAMA-nın sədri bildirib ki, bütün bunlara baxmayaraq, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları uğurla davam etdirilir. Müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 min 938.1 hektar ərazinin təmizlənməsi təmin edilib. Bu günədək ekoloji qiymətləndirmə və elmi-tədqiqatlar üçün nəzərdə tutulmuş 12 min 514.7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd təsərrüfatı üçün 53 min 078.4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3421 hektar, nəqliyyat infrastrukturu üçün 5759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 min 118 hektar, digər məqsədlər üçün 5784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib. Nəticədə təmizlənmiş 106 min 938.1 hektar ərazidən ümumilikdə 105 488 ədəd olmaqla, piyada əleyhinə 30 min 539 mina, tank əleyhinə 18 min 303 mina və 56 min 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.