Anar Bağırov: Məqsədimiz hər bir vətəndaşın keyfiyyətli hüquqi yardım əldə edə bilməsidir
Bakı, 25 may, Ayla Aktar, AZƏRTAC
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamına uyğun olaraq Vəkillər Kollegiyası tərəfindən ölkəmizdə müntəzəm qaydada peşə qəbul imtahanları keçirilir. Həmin ildən etibarən artıq 11 test imtahanı təşkil olunub. Bu imtahanlarda vəkil olmaq istəyən namizədlərimiz iştirak edib və beləliklə, Azərbaycanda vəkillərin sayı üç dəfəyədək artaraq 2300 nəfəri keçib. İmtahanlarda bütün bölgələr təmsil olunur. Bugünkü imtahanda 324 namizəd iştirak edir. Bununla da bölgədə vəkil çatışmazlığı, hüquqi yardıma əlçatanlıq daha da yaxşılaşacaq. Məqsədimiz ondan ibarətdir ki, hər bir vətəndaş keyfiyyətli hüquqi yardım əldə edə bilsin, onların konstitusion hüquqları təmin edilsin.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Qeyd edib ki, vəkilliyə üz tutan xanım namizədlərin sayı artmaqdadır: “Bu, çox sevindirici haldır. Çünki Azərbaycan vəkilliyinin ən böyük problemlərdən biri də xanım vəkillərin sayının azlığı idi: “Hazırda gördüyümüz tədbirlər nəticəsində artıq müsbət dinamika görülməkdədir. Əgər 2018-ci ildə vəkillikdə xanım namizədlərin sayı 14 faiz təşkil edirdisə, hazırda bu rəqəm 19 faizə çatıb. Bugünkü imtahanda da iştirak edən namizədlərin 25 faizi məhz xanım namizədlərdir”.
A.Bağırov həmçinin bildirib ki, Vəkillər Kollegiyası hüquq peşələri sırasında yazılı imtahanını Dövlət İmtahan Mərkəzinin kompüter zalında keçirən ilk qurumdur. “Namizədlər şəffaf qaydada suallara cavab verirlər və nəticələr dərhal bilinir. Çalışırıq ki, ən savadlı namizədlər vəkil olsunlar. Növbəti imtahanın keçirilməsi payız aylarında nəzərdə tutulur”, - deyə sədr qeyd edib.