APOEL və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb
Bakı, 6 avqust, Nicat Məmmədov, AZƏRTAC
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində APOEL-“Qarabağ” komandaları arasında avqustun 6-da keçiriləcək qarşılaşma üçün start heyətlər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Nikosiyadakı “GSP” stadionunda oynanılacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.
Meydan sahibi APOEL-in heyətində isə meydana Belec, Vuros, Yannu, Merkis, Yakoliş, Mixayloviç, Qendzoğlu, Matiç, Suleyman, De Vinsenti və Pavloviç çıxacaqlar.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri Fabiano Preti və Alberto Teqoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.
Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada gerçəkləşmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları “Qarabağ”ı növbəti mərhələyə çıxarıb.
Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dandolk” komandasından güclü olub. “Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı Mahir Emreli açsa da, Patrik Hoban bərabərlik topunu vurub. “Dalğa Arena”da keçirilən cavab matçı isə Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” Xayme Romeonun dublu və Ailton Silvanın vurduğu qolla rəqibini darmadağın edib.
Mübarizəyə II təsnifat mərhələsindən başlayan Kipr çempionu isə Monteneqronun “Sutyeska” komandasını mübarizədən kənarlaşdırıb (1:0, 3:0).
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.