Aprel döyüşləri Vətən müharibəsində qazanılan qələbənin təməlidir
Tərtər, 1 aprel, AZƏRTAC
Tərtər rayon Mədəniyyət Mərkəzində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış olub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Aprel döyüşlərinə həsr olunmuş film nümayiş etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid atası Bəhruz İsgəndərov, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, Vətən müharibəsi əlili Kamil Səfərli, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Ziya Təhməzov və başqaları çıxış edərək, 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun döyüş əzmindən, xalq-ordu birliyindən danışıblar. Bildirilib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın yenilməz ruhunu və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan dövlətinin illərlə apardığı məqsədyönlü siyasətin, ordumuzun gücləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsi idi. Ən əsası isə bu döyüşlər gələcək böyük Zəfərin — 44 günlük Vətən müharibəsinin qazanılan uğurun təməlini yaratdı.
Rəsmi hissədən sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyinin hazırladığı konsert proqramı təqdim olunub.
Müxbir – Tahir Ağaməmmədov