REGİONLAR
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Gənc Əkinçilər” layihəsinə start verib
Bakı, 27 yanvar, AZƏRTAC
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı yeni layihəyə start verib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Gənc Əkinçilər” adlanan layihənin əsas məqsədi bitkilərə düzgün aqrotexniki qulluq, gübrələrdən istifadə qaydaları, bitki zərərvericilərinə və xəstələliklərinə qarşı mübarizə tədbirləri barədə gənclərin maarifləndirilməsinə nail olmaqdır.
Lənkəran şəhərində Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) layihənin açılış mərasimi keçirilib. Tədbiri açan Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Alim Məmmədov ölkədə aqrar sahədə aparılan islahatlar barədə məlumat verib. O, dövlət tərəfindən insan kapitalının inkişafına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyillərini, bilik və bacarıqlarını daha da artırmasının vacib olduğunu qeyd edib. Direktor müavini iştirakçıların layihə ilə bağlı ilkin təəssüratlarını öyrənib, layihə iştirakçılarına və Aqrar İnkişaf Könüllülərinə uğurlar arzulayıb.
Layihənin ilk günü iştirakçılar “Toxum emalı və toxumun saxlanılması qaydaları”, “Aqrar sahəyə dövlət dəstəyi və aqrar subsidiya qaydaları” mövzularında təlimlərdə iştirak ediblər. Daha sonra Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiya baş tutub.
Layihənin ikinci günü “Əkin və suvarma sistemləri”, “Bitki zərərvericilərinə və xəstəliklərə qarşı mübarizə”, “Bitkilərə düzgün aqrotexniki qulluğun edilməsi və gübrələrin verilməsi” mövzularında təlimlər keçirilib.
Qeyd edək ki, layihənin icrası gənclərin aqrar sahəyə marağının artırılması və kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmasına kömək edəcək.
“Gənc Əkinçilər” layihəsi 3 gün davam edəcək.