REGİONLAR
AQRAR SAHƏ SAHİBKARLARIN HESABINA İNKİŞAF EDİR
Aqrar islahatların birinci mərhələsini başa çatdıran kənd əməkçiləri əkinçilik və heyvandarlıq məhsullarının istehsalını xeyli artırmışlar. Belə ki, 2002-ci ildə ölkənin tarixində ilk dəfə olaraq, 2 milyon 200 min tona yaxın taxıl məhsulları istehsal edilmişdir. Bu, əvvəlki ildəkindən 177 min 700 ton çoxdur. 2001-ci ildəkindən 88 min 600 ton çox kartof, 57 min ton tərəvəz, 14 min 100 ton meyvə və giləmeyvə, 38 min 400 ton bostan məhsulları, 16 min ton yaşıl çay yarpağı, 34 min ton pambıq artıq istehsal olunmuşdur.
Sahibkarlıq fəaliyyətində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərinə də diqqət yetirilir. Belə ki, taxıl istehsalı artımının 9,2 faizi, kartofun 74,9 faizi, meyvə və giləmeyvənin 21,3 faizi, tərəvəzin 20,2 faizi, bostan məhsullarının 60 faizi məhsuldarlığın yüksəldilməsi hesabına əldə edilmişdir.