Aqrar universitetdə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb
Gəncə, 17 iyul, Elcan Məmmədov, AZƏRTAC
“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə aqromühəndislik və baytarlıq istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
Aqrar Universitetinin maddi-texniki bazasının ən müasir tələblərə uyğun yenidən qurulması tədbirləri çərçivəsində maşın-traktor parkının istismara verilməsi, tədris mərkəzlərinin yaradılması, heyvandarlıq komplekslərinin, baytarlıq klinikasının, heyvan kəsimi sexinin, quşçuluq tədris mərkəzinin, süni mayalanma tədris mərkəzinin istifadəyə verilməsi, qeyd olunan sahələr üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaradır.
Nəzərə çatdıraq ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.