AQTA: Formula 1 Azərbaycan Qran-Prisində qida təhlükəsizliyi nəzarətdədir
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dünyanın müxtəlif ölkələrindən minlərlə azarkeşi Bakıda bir araya gətirən Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində tədbir iştirakçılarının və qonaqların qidalandığı məkanlarda qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət edilir.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, mötəbər idman yarışının yüksək səviyyədə təşkili və keçirilməsi məqsədilə qidaların hazırlandığı, saxlanıldığı və təqdim edildiyi ərazilərdə agentliyin 32 mütəxəssisdən ibarət heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Keçirilən monitorinqlərin əsas məqsədi qidalanmanın təşkili zamanı sanitar-gigiyenik tələblərə riayət olunmasını qiymətləndirmək, həmçinin qida məhsullarının xammal mərhələsindən son istehlakadək bütün mərhələlərində təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, ölkəmizdə daha əvvəl uğurla keçirilmiş COP29, III MDB Oyunları, Beynəlxalq Astronavtika Konqresi, WUF13 və digər kütləvi tədbirlər zamanı tətbiq olunan effektiv nəzarət mexanizmləri və riskəsaslı yanaşmalar Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində də həyata keçirilir.
Beynəlxalq tədbir müddətində AQTA-nın əməkdaşları qida təhlükəsizliyinin təmin olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.