“ARAZ ÇAYI HÖVZƏSİNİN EKOCOĞRAFİ PROBLEMLƏRİ” MÖVZUSUNDA ELMİ SİMPOZİUM KEÇİRİLMİŞDİR
Simpoziumu giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli tədbirin əhəmiyyətindən, təbiətin qorunması və mühafizəsi istiqamətində dövlətin məqsədyönlü siyasətindən bəhs etmişdir.
AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov “Naxçıvan Muxtar Respublikasının ekocoğrafi məsələlərinə dair” mövzusunda məruzəsində Araz çayı hövzəsinin ekocoğrafi problemlərindən söz açmış, baş verə biləcək daşqınların qarşısının alınması məqsədi ilə su anbarlarının tikilməsinə, suyun çirklənməsinin qarşısının alınmasına, meşə zolağının salınmasına, kəhrizlərin bərpasına dair təkliflər vermişdir.
Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov “Naxçıvan MR-də ekoloji problemlərin həllinə dövlət qayğısı” mövzusunda məruzəsində bölgədə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı görülən işlər və təbii ehtiyatlardan istifadəyə dair qanunvericilik aktları haqqında məlumat vermişdir. Natiq “Arazboyu Regional Dövlət Təbiət Yasaqlığı”nın yaradılmasını bu istiqamətdə atılmış uğurlu addım kimi dəyərləndirmişdir.