“Araz-Naxçıvan”ın futbolçusu: “Qarabağ” bu çempionatda tam fərqli futbol oynayır
Bakı, 19 oktyabr, AZƏRTAC
“Çətin oyun olacaq. “Qəbələ”nin turnir cədvəlindəki mövqeyi heç kimi yanıltmasın”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan” komandasının futbolçusu Elviş Maşike Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” ilə keçirəcəkləri oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.
Konqolu hücumçu bildirib ki, “qırmızı-qaralar” cari mövsümdə çox xal itirsələr də, ötən mövsüm əla çıxış ediblər: “Həm Azərbaycan kubokunu qazanmışdılar, həm də Premyer Liqada 4-cü pilləni tutmuşdular. Bu nəticəni qazanan komanda zəif ola bilməz. Üstəlik, oyun onların meydanında keçiriləcək”.
O, IX turda “Sabah” komandasına qarşı matçda (1:1) çox yaxşı oynadıqlarını dilə gətirib: “Hətta qələbə qazana bilərdik. Bu da bizə əlavə motivasiya verir. “Qəbələ” ilə görüşdə hər iki komanda meydana 3 xal üçün çıxacaq. Baş məşqçimiz bizdən yaxşı göstərici tələb edir. Hər dəfə meydana çıxanda qələbə üçün mübarizə aparmağımızı istəyir”.
Afrikalı futbolçu komandasının ilk dövrədəki çıxışını da dəyərləndirib: “Mövsümün startına az vaxt qalmış futbolçular dəvət olundu. Yeni çempionat, fərqli ölkə, mentalitet. Əlbəttə, uyğunlaşmaq üçün vaxt lazım idi. Heç toplanış da keçmədik. Ancaq baş məşqçimiz bizi yaxşı nəticə qazanacağımıza inandırdı. Nəticələri pozitiv hesab edirəm”.
E. Maşike birinci dövrədə daha çox “Səbail”lə oyundakı (0:1) nəticəyə görə üzüldüyünü vurğulayıb: “Biz rəqibdən daha yaxşı oynadıq, real qol şansımız da onlardan çox oldu. Təəssüf ki, sona yaxın təyin olunan penalti əziyyətimizi nəticəsiz qoydu. Ancaq bu cür oyunlar da olmalıdır ki, motivasiyadan düşməyəsən. Demək olar, hər oyunda fərqlənmək üçün şanslarımız olur, amma hamısını qola çevirə bilmirik”.
Doqquz oyuna cəmi bir qol vuran forvard bu baxımdan heç bir narahatlığının olmadığını söyləyib: “Komanda yoldaşlarıma inanıram, bilirəm ki, qol vurmağım üçün mənə hər cür şərait yaradacaqlar. Əsas problemim adaptasiya ilə bağlı idi. Fərqli ölkə, yeni liqa, komanda, heç vaxt bir yerdə oynamadığım futbolçular və s. Baş məşqçinin istəyi də fərqlidir. Azər Bağırova təşəkkür edirəm, hər zaman mənə inandığını deyir, qətiyyətli olmağımı tapşırır, şans verir. Əgər komandama, baş məşqçimə lazımamsa, deməli, xoşbəxt adamam. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Problemlərim arxada qalıb, indi tam hazıram”.
O, Azərbaycan çempionatında “Qarabağ”ın oyununu daha çox bəyəndiyini bildirib: “Bu komanda daha keyfiyyətli futbolçulardan qurulub və yaxşı oynayır. Yeni gələndə hər kəs “Sabah”la “Neftçi”nin də adını çəkirdi. Amma mənə görə “Qarabağ” bu çempionatda tam fərqli futbol oynayır”.