ARDNŞ-DƏ AZƏRBAYCANIN QADIN ŞAHMATÇILARI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Bakı, 14 dekabr (AZƏRTAC). Dekabrın 14-də Dövlət Neft Şirkətində qadınlardan ibarət şahmat üzrə milli komandanın üzvləri ilə görüş keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev 2009-cu ili Azərbaycan üçün şahmat ili kimi səciyyələndirmişdir. Bu yaxınlarda Azərbaycanın kişilərdən ibarət yığma komandasının Serbiyanın Novi-Sad şəhərində Avropa çempionatında qitə çempionu olduğunu qeyd edən R.Abdullayev bildirmişdir ki, bu yarışda şahmatçı qadınlarımızın inamla çıxış edərək, III-IV yerləri bölüşdürməsi təqdirəlayiq haldır.
R.Abdullayev qeyd etmişdir ki, Azərbaycanda idmanın bütün sahələrində əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. ARDNŞ prezidenti bu qayğının sayəsində idmançılarımızın hələ çox uğurlara imza atacaqlarına, eyni zamanda dünya şahmat tacının Azərbaycana gətiriləcəyinə əmin olduğunu vurğulamışdır.
Tədbirdə iştirak edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Mahir Məmmədov və Faiq Həsənov son dövrlərdə ölkəmizdə bu idman növünün inkişaf etdiyini, ARDNŞ tərəfindən hər zaman şahmatçılarımıza diqqət və qayğı göstərildiyini qeyd etmişlər. Onlar ARDNŞ-in nəzdində fəaliyyət göstərən “Neftçi” İdman Sağlamlıq Mərkəzinin yetirmələri olan Teymur Rəcəbov, Vüqar Həşimov və digərlərinin bu gün dünyanın tanınmış şahmatçıları ilə layiqincə rəqabət apardıqlarını vurğulamışlar.
Qadın şahmatçıları adından çıxış edən Zeynəb Məmmədyarova onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, ölkəmizdə beynəlxalq miqyaslı şahmat turnirlərinin keçirilməsində, regionlarda şahmat mərkəzlərinin inşa və bərpa edilməsində Dövlət Neft Şirkətinin oynadığı roldan bəhs etmişdir.
Sonda şahmat üzrə qadınlardan ibarət komandanın üzvlərinə xatirə hədiyyələri təqdim olunmuşdur.