Artıq 20 ildir Laçın rayonunun təbii sərvətləri ermənilər tərəfindən talanır
Ağdam, 18 may (AZƏRTAC). İşğal altında olan Laçın rayonunun təbii sərvətləri 20 ildir ki, ermənilər tərəfindən məhv edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur. Rayonda ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatları 5125 min kubmetr olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min kubmetr olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min kubmetr olan Quşçu pemza, ehtiyatları 15794 min kubmetr olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və 0,9 ton jadeit olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10 min 449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min kubmetr/gün olan Minkənd mineral su yataqları vardır.
1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardı.
Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşmışdılar. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) vardır. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılmışdır.
Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları vardı. Bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektar (80,05 faiz) idi. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi.
Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi.