Arxeologiya və Etnoqrafiya İnstitutu: Tarixi abidə ərazisində tikinti işləri dayandırıldı
Bakı, 18 may, AZƏRTAC
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisindəki yeni orta məktəbin tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.
İnstitut rəhbərliyinin göstərişi ilə şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri Akif Quliyev rayona ezam edilib və Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayonu üzrə abidə mühafizəçisi Bəylər Ağayevlə birgə maddi mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirib. Müəyyən edilib ki, ərazidə Antik dövrə aid nekropol olub. Akif Quliyevin fikrincə, əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olub və ümumilikdə nekropol Qafqaz Albaniyasının xristianlıq ərəfəsindəki dövrə aiddir. Torpağın üst qatı ekskavator vasitəsilə götürüldüyündən nekropol dağıdılıb, mədəni təbəqə qarışıb. Abidənin aşkar edilməsi haqqında məlumat, təəssüf ki, müvafiq orqanlara vaxtında çatdırılmayıb və tikinti işləri zamanı abidənin çox hissəsi dağıdılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tikinti rəhbərliyi Mədəniyyət Nazirliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əlaqə saxlayaraq, ərazidə tədqiqat işlərinin aparılmasına qədər bütün tikinti işlərinin dayandırıldığını və bu işlərin arxeoloji araşdırmalardan sonra davam etdiriləcəyini deyib.
Əldə edilmiş razılığa əsasən yaxın vaxtlarda qeyd edilən ərazidə kəşfiyyat işləri başlanacaq, abidənin sərhədləri müəyyən ediləcək və Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınacaq.
Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin birgə qərarından sonra baş tuta bilər.