Arxiv xalqın tarixi zənginliyinin göstəricisidir
Naxçıvan, 15 noyabr, AZƏRTAC
Arxiv xalqın tarixi zənginliyinin göstəricisi, tarixi dövlətçiliyinin əsas əlamətlərindən biridir. Arxivlərimizin zənginliyi ölkəmizin qədim dövlətçilik tarixinə malik olmasından xəbər verir.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan II kurs tələbələrinin iştirakı ilə keçirilən “Tariximizin öyrənilməsində arxivlərin rolu” adlı elmi-praktik seminarda səsləndirilib.
İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov çıxışında bildirib ki, müstəqilliyimizin bərpası ərəfəsində, xüsusilə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində meydana çıxan çətinliklər onsuz da sovet hakimiyyəti illərində diqqətdən kənarda qalmış arxivlərə mənfi təsirini göstərib, bu sahənin fəaliyyətində müəyyən çatışmazlıqlara səbəb olub. Bu problemin uğurlu həlli dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Onun 2002-ci il dekabr ayının 2-də imzaladığı “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Fərmanı bu sahəyə göstərilən diqqətin bariz nümunəsi olmaqla yanaşı, arxiv işinin inkişafında müstəsna rol oynayıb.
Arxiv işinin təkmilləşdirilməsi istiqamətində ölkədə, eləcə də muxtar respublikada görülən işlərdən söz açan Yaşar Rəhimov önəmli tarixi məsələlərə aydınlıq gətirilməsində arxivlərin müstəsna əhəmiyyətindən bəhs edib. Tədqiqatçı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin fəaliyyəti, tədqiqatlarda arxiv materiallarının istifadə qaydalarından söz açıb. Vurğulayıb ki, dövri mətbuat üçün məqalələrin, radio və televiziya verilişlərinin hazırlanmasında arxiv fondlarındakı materiallardan geniş istifadə verilən məlumatın doğruluğunun qarantıdır. Hər bir arxiv işçisi tarixi sənədlərin mühafizəsi və səmərəli istifadə edilməsi kimi çətin, şərəfli işi məsuliyyətlə yerinə yetirməlidir, çünki arxiv sənədləri xalqımızın mənəvi sərvətidir.