“ASAN Könüllüləri” Təşkilatı ilə “Coca-Cola”nın əməkdaşlığının 5 illiyi qeyd olunub
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 18-də “ASAN Könüllüləri” Təşkilatı ilə “Coca-Cola” əməkdaşlığının 5 illik yubileyi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “İnkişaf üçün 5 il birlikdə” adı ilə keçirilən tədbirdə əməkdaşlıq çərçivəsində icra olunan layihələr haqqında ətraflı məlumat verilib və həmin layihələrdən bəhs edən rəsm sərgisi təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, dövlət qurumu nümayəndələri, şirkət təmsilçiləri və könüllülər iştirak ediblər.
Bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” 2016-cı ildən etibarən aktiv şəkildə ekoloji, sosial və humanitar layihələr üzrə geniş əməkdaşlıq edib. Həmin əməkdaşlıq çərçivəsində hər il sentyabr ayının ikinci şənbə günündə ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərinin təbliğ edilməsi məqsədilə Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr olunan “Xəzəri qoruyaq” aksiyaları keçirilir. Eyni zamanda, qablaşdırma tullantılarının çeşidlənməsi və toplanaraq təkrar emala göndərilməsinin təşviqi məqsədilə icra olunan “Təmiz Sumqayıt” pilot layihəsi də tərəfdaşların ekoloji fəaliyyət üzrə əməkdaşlıq istiqamətinə daxildir.
Bundan əlavə, ASAN könüllülərinin təşəbbüsü və “Coca-Cola” Fondunun dəstəyi ilə Azərbaycanda qadınlarının məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərmək məqsədilə “AIM-W” layihəsi həyata keçirilib. Həmin layihə 2019-2021-ci ildə turizm potensialı yüksək olan Gəncə, Mingəçevir, Quba, Sumqayıt, Şəki və Şamaxı kimi 6 iqtisadi zonanı əhatə edib. Ümumilikdə, baş tutan 40-dan artıq təlimdə 2000-dən çox qadın iştirak edib. Qeyd edək ki, “Coca-Cola” Azərbaycan qadınlarının iqtisadi imkanlarının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi sahəsində həyata keçirdiyi işlərə görə ABŞ Dövlət Katibinin 2020-ci il üçün Korporativ Mükəmməllik Mükafatına layiq görülüb.
Xüsusi vurğulamaq lazımdır ki, COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondu tərəfindən “Birlikdəyik” layihəsi həyata keçirilib. Həmin layihə çərçivəsində karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim olunub və 4000 aztəminatlı ailə ərzaq və şəxsi gigiyena ləvazimatları ilə təmin edilib. Bundan başqa, layihədə COVID-19 virusunun yayılmasının qarşısını almağa kömək məqsədilə əhali arasında müxtəlif sosial şəbəkələr vasitəsilə maarifləndirmə işləri aparılıb. Əlavə olaraq pandemiyanın aztəminatlı ailələrə və kiçik sahibkarlara təsirini azaltmaq məqsədilə “Coca-Cola” və ASAN könüllülərinin həyata keçirdiyi “Bir sifariş - Bir sevinc” sosial kampaniyası vasitəsilə 7000 ailəyə ərzaq yardımları çatdırılıb.
“Coca-Cola” və “ASAN Könüllüləri” Təşkilatı mövcud layihələr üzrə əməkdaşlığı daha da genişləndirməyi və əhalinin ekoloji fəaliyyətlər üzrə maarifləndirməsi işini davam etdirməyi nəzərdə tutur.