“ASAN xidmət”in ideya müvəkkili Qlobal Sammitdə iştirak edib
Bakı, 15 may, AZƏRTAC
İsrailin Təl-Əviv şəhərində ABŞ-ın məşhur “Forbes” jurnalı tərəfindən istehsal və enerji sənayesi sahəsində 30 yaşadək olan 30 (30 Under 30) ən perspektivli iş adamı və ixtiraçı üçün Qlobal Sammit təşkil olunub.
Dünyanın 35 ölkəsindən 20 kateqoriya üzrə 750 gənc sahibkarın iştirakı ilə ilk dəfə təşkil olunan sammitdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ideya müvəkkili Reyhan Camalova və innovasiyalar sektorunun müdiri Şəbnəm Məmmədova da iştirak ediblər.
Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, Sammitin açılış mərasimindən sonra innovasiyalar üzrə tanınmış biznes liderlərinin çıxışları dinlənilib.
Tədbir zamanı Reyhan Camalovanın yağış suyundan enerji əldə etməyə imkan verən “Rainergy” layihəsi investorların diqqətini cəlb edib və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, cari ilin mart ayında “Forbes” jurnalının “Asiyanın gələcəyi üçün çalışan 30 yaşı tamam olmayan 30 gənc ixtiraçı” adlı hesabatında Asiya qitəsində yerləşən müxtəlif ölkələrdən olan gənclərin ətraf mühitin qorunması və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair hazırladıqları ixtiralar yer alıb. Gənc ixtiraçı Reyhan Camalovanın adı jurnalın istehsal və enerji sənayesi sahəsində 30 yaşadək olan 30 ən perspektivli iş adamı və ixtiraçısı reytinqinə daxil edilib.