Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
Ölkəmizdə çimərlik güləşi üzrə U-17 dünya çempionatı yüksək səviyyədə təşkil olunur. Çempionatda gərgin və maraqlı görüşlər keçir. Hakimlərimizin verdiyi qərarlar heç bir narazılıq və ya müzakirə yaratmayıb. Hər şey qaydasındadır, milli komandamıza növbəti qarşılaşmalarda uğurlar arzulayıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev deyib.
Dünya çempionatındakı hakimlik fəaliyyətinə toxunan A.Şirəliyev təmsilçilərimizin çıxışını yüksək dəyərləndirib: “Avqustun 27-dən start götürən yarışda ölkəmiz 5 hakim tərəfindən təmsil olunur. U-17 dünya çempionatı eyni zamanda milli hakimlikdən beynəlxalq kateqoriya dərəcəsinə keçid üçün imtahan xarakteri daşıyır. Bu imtahan prosesində iki hakimimiz - Ceyla Nağızadə və Rəvan Rəcəbov iştirak edir. Onlar məşqçilərin, eləcə də yarışın baş hakimlərinin müşahidələri əsasında özlərini çox yaxşı tərəfdən göstərdilər”.