Asiya İnkişaf Bankı: Məzənnənin nisbətən sabitləşməsi yüksək inflyasiya dərəcəsinin qarşısını almalıdır
Bakı, 3 aprel, AZƏRTAC
Asiya İnkişaf Bankı 2019-cu ildə Azərbaycanda inflyasiyanın 4 faizədək yüksələcəyi, sürətli artımın da daxili tələbata müsbət təsir göstərməsi səbəbindən isə 2020-ci ildə 5 faiz səviyyəsində qərarlaşacağını proqnozlaşdırır. Məzənnənin nisbətən sabitləşməsi yüksək inflyasiya dərəcəsinin qarşısını almalıdır.
AZƏRTAC "Asian Development Outlook 2019"a istinadən xəbər verir ki, növbəti 2 il ərzində Mərkəzi Bankın iki məqsədə əsas önəm verəcəyi gözlənilir: məzənnənin sabitliyinin qorunması və inflyasiyanın 5 faiz səviyyəsində məhdudlaşdırılması. Sabit məzənnənin özəl sektorun kreditləşdirilməsinin inkişafına təkan verəcəyi ehtimal olunur. İnflyasiya hədəfinə nail olunduğu təqdirdə Mərkəzi Bankın uçot dərəcəsini daha da azaldacağı ehtimal oluna bilər. Məzənnənin sabitləşməsi və biznes mühitinin təkmilləşdirilməsinə yönəldilmiş iqtisadi islahatların həyata keçirilməsi sayəsində özəl investisiyaların güclənəcəyi, daha ekspansiyalı fiskal siyasət sayəsində isə dövlət investisiyalarının genişlənəcəyi ehtimal olunur.
İnflyasiyanın azaldılmasında əldə edilmiş uğurlar Azərbaycan Respublikası Mərkəzi Bankına 2018-ci il ərzində dörd ardıcıl hissə ilə uçot dərəcəsini 15 faizdən 9,75 faizədək, 2019-cu ilin yanvar ayında isə 9,25 faizədək azaltmağa imkan verib. Geniş pul kütləsinin artımı 2017-ci ildəki 9 faizdən 5,7 faizədək azalıb. Banklar baxmayaraq ki, bir il bundan əvvəl problemin aradan qaldırılması istiqamətində görülmüş tədbirlər sayəsində problemli kreditlərin 13,8 faizədək azaldılmasına nail olunub, qeyri-işlək kreditlərin 12,2 faiz səviyyəsində qərarlaşdığından çətinliklərlə üzləşməyə davam edib. Azərbaycanın milli valyutasına etimad möhkəmlənməyə davam edib. Buna dəlalət kimi, 2017-ci ilin sonunda 27,6 faizədək növbəti ilin müvafiq dövründə 34,6 faizədək milli valyutada əmanətlərin payının artmasını, habelə milli valyutada verilən kreditlərin payının 59,1 faizdən 82 faizədək artmasını gətirmək olar.
Məzənnənin sabitləşməsi, istehlakçı etimadının güclənməsi fonunda iqtisadiyyata verilən kreditlərin həcmi 2017-ci ildəki 28,5 faizlik daralma döndərilməklə, 10,7 faiz artıb.