SİYASƏT
AŞPA-NIN PAYIZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI
Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyev və deputat qrupunun üzvləri - Səməd Seyidov, Əli Abbasov, Vaqif Vəkilov, Nairə Şahtaxtinskaya, Gültəkin Hacıyeva, Rəfael Hüseynov. Nazim İbrahimov, Qulamhüseyn Əliyev, Əli Hüseynov və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gəlmişlər.
Sentyabrın 23-də sessiyanın ilk iclasında gündəlik təsdiq edildi. Gündəliyə Yuqoslaviyanın Avropa Şurasına üzvlüyə qəbul olunması barədə xahişi, Çeçenistan münaqişəsi, Kalininqrad regionunda insan hüquqları, Gürcüstan və Belarusda vəziyət, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və dünya iqtisadiyyatı, Belçikada milli azlıqların hüquqları, Azərbaycan və Ermənistanın AŞ qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi, Moldovada demokratik təşkilatların fəaliyyəti və digər məsələlər daxildir.
Deputatlarımız sessiyanın ilk iş günündə ayrı-ayrı komitə və qrupların iclaslarında müzakirə edilən məsələlərə fəal münasibətlərini bildirdilər.
Siyasi komitənin iclasından sonra Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyev respublika televiziyasına müsahibə verdi.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris