AŞPA-NIN YAY SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası öz işinə başlamışdır. Ənənəvi olaraq sessiyadan əvvəl büronun yığıncağı keçirilmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov büroda müzakirə olunmuş məsələlər barədə danışaraq demişdir ki, büroda ölkəmizlə bağlı müzakirələrin sessiyanın ikinci iş günündə keçirilməsi qərara alındı. AŞPA-nın bir qrup deputatının mart hadisələrini araşdırmaq məqsədi ilə Ermənistana səfəri ilə bağlı hazırladıqları məruzəni dinləmiş və müəyyən vaxt verilməsinə baxmayaraq, ölkədə kifayət qədər dəyişikliklər baş vermədiyini qeyd etmiş, bununla bağlı fövqəladə müzakirələrin iyunun 25-də aparılmasını yekdilliklə qərara almışdır.
Büroda oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkiləri ətrafında da fikir mübadiləsi aparılmışdır. Müşahidə missiyalarının formalaşması ilə bağlı artıq tapşırıq verilmişdir. Əlbəttə, bu istiqamətdə işlər hələ gedəcək, seçkilərə bir ay qalmış 5-6 nəfərdən ibarət xüsusi missiya Azərbaycana səfər edəcək, seçki zamanı isə Avropa Şurasının 30 nəfərlik müşahidə qrupu seçkilərin gedişini izləyəcəkdir.
Proseslər normal şəkildə cərəyan edir. Nümayəndə heyətimiz ölkəmizlə bağlı keçiriləcək müzakirələrə hazırdır. Məruzə ilə bağlı əlavələrimizi etmişik. Əminəm ki, bu əlavələrin əksəriyyəti qəbul olunacaqdır. Çünki bunlar obyektivliyi və reallığı əks etdirən əlavələrdir.
Komitə və qrupların yığıncağında isə deputatlarımız müzakirə edilən məsələlərə dair ölkəmizin mövqeyini bildirmişlər.
AŞPA-nın sədri Luis Maria de Puç ötən sessiyadan sonrakı fəaliyyət barədə məlumat vermiş, müzakirə üçün gündəliyə çıxarılacaq məsələləri diqqətə çatdırmışdır.
Gürcüstanda və Makedoniyada keçirilmiş seçkilər barədə macarıstanlı deputat Matyas Eörşi və Türkiyə nümayəndə heyətinin üzvü Mövlud Çavuşoğlunun hesabatları dinlənilmişdir.
Sonra sessiyanın gündəliyi müzakirə edilmişdir. Deputatlar Qara dənizdə ətraf mühitin çirklənməsinə qarşı mübarizə, Azərbaycanda demokratik təsisatların fəaliyyəti, müasir cəmiyyətdə qadınların müstəqilliyinin gücləndirilməsi, Avropa Yenidənqurma və İnkişaf Bankı: tranzit ölkələrdə katolizator əməkdaşlığı, miqrantların demokratik iştirakının yaxşılaşdırılması, Avropada demokratiyanın vəziyyəti, Ermənistanla bağlı Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş 1069 saylı qətnamənin yerinə yetirilməsinin növbədənkənar müzakirəsi, Çindəki vəziyyət barədə əsas siyasi debat, Tükiyədə demokratik institutların fəaliyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti və digər məsələləri müzakirə etməyi qərara almışlar.
Bununla da sessiyanın səhər iclası başa çatmışdır.