İQTİSADİYYAT
Astana İqtisadi Forumu başa çatıb VİDEO
Astana, 27 may, AZƏRTAC
Astanada IX İqtisadi Forum (AİF-2016) başa çatıb. Media tərəfdaşlarından birinin AZƏRTAC olduğu bu forumda iki gün ərzində (mayın 25-26-da) 30-dək sessiya, forum, ustad dərsi, seminar və ekspertlərin iştirakı ilə görüşlər keçirilib.
Əsas mövzusu “Yeni iqtisadi reallıqlar: şaxələndirmə, innovasiya və bilik iqtisadiyyatı” olan Astana IX İqtisadi Forumunda dünya iqtisadiyyatının əsas tendensiyaları və çağırışları, habelə yeni iqtisadi reallıq şəraitində uzunmüddətli iqtisadi artımın təmini, mikro, makro və qlobal səviyyəli inteqrasiya proseslərində rəqabət siyasətinin rolunun yüksəldilməsi məsələləri müzakirə edilib.
Forumun Plenar iclasında Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev müstəqillik illərində ölkənin başlıca nailiyyətlərini qeyd edib.
AİF-2016 çərçivəsində təkcə diskussiyalar və fikir mübadiləsi aparılmayıb. Ölkələr, beynəlxalq təşkilatlar və təsisatlar qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri qurmaq imkanı əldə ediblər, müxtəlif sahələrdə memorandumlar və tövsiyə xarakterli sənədlər imzalanıb.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov forum çərçivəsində Cənubi Qafqaz, Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə keçirilən regional iqtisadi “dəyirmi masa”da iştirak edib. O, forum çərçivəsində Beynəlxalq Valyuta Fondunun baş sərəncamçı direktoru Kristin Laqard ilə görüşüb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov AİF-2016 çərçivəsində keçirilən “Böyük İpək yolu ölkələrinin forumu: enerji, resurslar və davamlı inkişaf” adlı plenar iclasın spikeri olub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana