Astanada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir
Astana, 18 yanvar (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi L.Qumilyov adına Avrasiya Milli Universitetində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbirdə ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti, tələbələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri, diasporumuzun fəalları, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasının Bakıda törətdiyi vəhşiliklər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 20 Yanvar faciəsi xalqımızın tarixinə təkcə soyqırımı kimi deyil, həm də mərdlik və mübarizlik rəmzi kimi yazılmışdır. O gecə xalqımız sübut etdi ki, heç bir imperiya qoşunu onun mübariz ruhunu sındıra bilməz. O müdhiş gecə qadınlar, uşaqlar, qocalar gülləyə tuş gəldi, lakin mətin xalqımız təcavüzkarın gözünə dik baxdı. Diqqətə çatdırılmışdır ki, 20 Yanvar faciəsinə yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verilmişdir.
“Nur-Otan” partiyasının fəal üzvü Kazbek Kaskenov və digər çıxış edənlər bildirmişlər ki, Mixail Qorbaçov başda olmaqla faciəni törədənlər layiqli cəzalarını almalıdırlar.
Sonda faciə ilə əlaqədar sənədli film nümayiş etdirilmiş, mərasim iştirakçıları 20 Yanvar hadisələrinin fotoşəkillərindən ibarət sərgiyə baxmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana