ASTANADA AZƏRBAYCAN-QAZAXISTAN BİZNES-FORUMU KEÇİRİLMİŞDİR
Energetika, ticarət, inşaat, xidmət, digər istehsal sahələri ilə məşğul olan şirkət və firmaların iştirak etdiyi forumda Azərbaycan 25 şirkətlə təmsil olunmuşdur.
Heydər Babayev forumda bildirmişdir ki, tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində və iqtisadi əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayacaq forum iki dövlətin biznes nümayəndələri arasında işgüzar əlaqələrin, konstruktiv dialoqun yaranmasına imkan yaradır. Astanada biznes-forumun keçirilməsi Azərbaycanla Qazaxıstanın işgüzar dairələrinin diqqətini iqtisadi layihələrə cəlb edəcək, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərini müəyyənləşdirməyə imkan yaradacaqdır.
Heydər Babayev demişdir ki, bu ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 147,7 milyon dollar olmuş, Azərbaycan sahibkarlarının iştirakı ilə Qazaxıstanda 36 kiçik, 13 birgə müəssisə qeydə alınmışdır.
Qazaxıstan Sənaye və Ticarət Nazirliyi Sərmayələr Komitəsinin sədri Timur Nuraşev vurğulamışdır ki, biznes-forum iqtisadiyyatın əsas sahələrinə sərmayə qoyulması istiqamətində ölkələrimizin işgüzar dairələrinə əlverişli şərait yaratmaq üçün təşkil edilmişdir. İkitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi sahəsində çox iş görülməlidir, çünki əməkdaşlığın indiki səviyyəsi qənaətbəxş deyildir.