CƏMİYYƏT
Astanada keçirilən beynəlxalq tədbirdə Azərbaycanın tolerantlıq modeli təqdim olunur
Astana, 8 oktyabr, AZƏRTAC
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı cəmiyyət quruluşu ilə fərqlənən, müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşadığı və bu səbəbdən dünyaya nümunə ola biləcək bir dövlətdir.
Bu fikirləri AZƏRTAC-a Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayı Katibliyinin XXII iclasında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Ceyhun Rüstəmov söyləyib.
“Bu, əsrlərdir davam edir və gələcəkdə də davam edəcək. Azərbaycandakı dinlərarası münasibətlər dünyaya nümunədir və ölkəmiz bu baxımdan unikal bir dövlətdir,” - deyə C.Rüstəmov vurğulayıb.
Onun sözlərinə görə, belə bir tədbirdə Azərbaycanın təmsil olunması həqiqətən böyük əhəmiyyət kəsb edir.
“Oktyabrın 9-da plenar iclasda çıxış edəcəyik. Orada Azərbaycanın nümunəvi bir dövlət olduğunu, dinlər arasındakı münasibətlərin və tolerantlığın ölkəmiz üçün prioritet olduğunu vurğulayacağıq. Azərbaycanda tarixən bu dəyərlər qardaşlıq zəminində formalaşıb və inkişaf edib. Bu baxımdan, Azərbaycanın üstünlüklərini qeyd edəcəyik”, - deyə C.Rüstəmov bildirib.
O, Qazaxıstanın Azərbaycan üçün qardaş dövlət olduğunu diqqətə çatdıraraq əlavə edib: “Müstəqilliyimizi əldə etdikdən sonra Qazaxıstanla çox yaxşı münasibətlərimiz qurulub. Sovet dövründə və çar Rusiyası zamanında yaşayan insanların, xalqların - həm Qazax, həm də Azərbaycan xalqının bu dövrlərdə dini və milli dəyərləri qismən zədələnmişdi. Bu səbəbdən xalqlar arasında o qədər də yaxınlıq yox idi. Yalnız keçmiş SSRİ-nin müəyyənləşdirdiyi sərhədlər çərçivəsində xalqlar arasında bəzi yaxınlıqlar mövcud idi. Lakin şükürlər olsun ki, son 30 ildə müstəqillik əldə etdikdən sonra təkcə Qazaxıstanla deyil, həmçinin Özbəkistan, Türkmənistan, Qırğızıstan, Türkiyə və digər türkdilli dövlətlərlə sıx və gözəl münasibətlər qurulub. Həm dini, həm diplomatik, həm də siyasi sahədə münasibətlərimiz getdikcə inkişaf edir”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana