Astara və Tovuzda sahibkarlar üçün treninq keçirilmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Astara rayonunda sahibkarlar üçün “Biznesin əsasları, təşkili və idarə edilməsi” və “Marketinq” mövzularında treninq keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, treninqdə biznesin mahiyyəti, mühiti, planlaşdırılması, idarə edilməsinin təşkili, biznesdə insan resurslarından səmərəli istifadə və s. barədə ətraflı məlumatlar diqqətə çatdırılmışdır.
Bununla yanaşı, tədbirdə marketinq anlayışı, növləri, istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili, idarə edilməsi məsələlərindən və reklam fəaliyyətindən danışılmışdır.
Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Tovuz rayonunda “Biznes planların və investisiya layihələrinin hazırlanması” və “Logistika” mövzularında keçirilmiş treninqdə isə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahələrdə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə məlumatlar verilmiş, “Biznes planların hazırlanması” mövzusunda təqdimat keçirilmişdir. Treninqdə logistikanın mahiyyəti və məqsədi, bu sahədə mütəxəssislərin vəzifələri ilə bağlı fikir mübadiləsi aparılmışdır.