Astronomiya və astrofizikanın aktual problemləri - respublika konfransı
Bakı, 11 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda II respublika konfransı keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, konfransın əsas məqsədi Azərbaycanda astronomiya və astrofizika sahəsində aparılan elmi tədqiqatların nəticələrinin təqdim edilməsi və müzakirəsi, Rəsədxanada uzun illər səmərəli elmi fəaliyyət göstərmiş görkəmli alimlərin elmi irsinin gənc nəslə tanıdılması olub.
Tədbirin açılışında Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov astronomiya və astrofizika sahəsində aparılan tədqiqatların nəticələrinin müzakirəsi və müxtəlif elmi istiqamətlər üzrə çalışan tədqiqatçılar arasında fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb. Baş direktor konfransda gənc tədqiqatçıların və doktorantların fəal iştirakının təqdirəlayiq olduğunu bildirərək, onların elmi potensialının inkişaf etdirilməsinin və müasir astronomiya elminin nailiyyətləri ilə tanışlığının vacibliyini diqqətə çatdırıb. Namiq Cəlilov rəsədxananın elmi məktəbinin davam etdirilməsi və yeni nəsil tədqiqatçıların yetişdirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu bildirib.
Daha sonra konfransın plenar sessiyalarında astronomiya, astrofizika, kosmik tədqiqatlar və əlaqəli elmi istiqamətlər üzrə məruzələr təqdim olunub. Məruzələrdə Günəş və Günəş-Yer əlaqələri, ulduz astrofizikası, dəyişən ulduzlar, qalaktikalar, kosmik və yerüstü rəsədxanalar, peyk təsvirlərinin emalı, neytrino fizikası, planetlər və digər aktual elmi məsələlərə dair tədqiqatların nəticələri diqqətə çatdırılıb.
Konfrans çərçivəsində müxtəlif elmi istiqamətlər üzrə sessiyalar da təşkil olunub.
Elmi sessiyalar zamanı, həmçinin süni intellekt texnologiyalarının astronomiyada tətbiqi, ulduzların avtomatik təsnifatı, ulduz atmosferlərinin modelləşdirilməsi, Günəş fəallığı, kometlər, ionosfer prosesləri və digər aktual mövzular üzrə məruzələr dinlənilib. Konfransda onlayn formatda təqdim olunan məruzələrə də yer verilib.
İki gün davam edən konfransın proqramında Azərbaycanda astronomiya elminin inkişafında mühüm xidmətləri olmuş alimlərin elmi irsinə həsr olunan məruzələr də yer alıb. Rəsədxanada uzun illər fəaliyyət göstərmiş görkəmli alimlərin elmi fəaliyyətinə nəzər salınıb, onların elmi irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb.