“Audatex” sisteminin Azərbaycanda tətbiqi müzakirə edilib
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığortaçıların “Audatex” Azərbaycan şirkəti ilə görüşü keçirilib.
ASA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə “Audatex” Azərbaycan şirkətinin nümayəndəsi sistemin fəaliyyət mexanizmi barədə sığortaçılara məlumat verib və “Audatex” sisteminin Azərbaycan sığorta bazarında tətbiqi məsələsi müzakirə edilib. Həmçinin, sistemin Azərbaycanda tətbiqi üçün mövcud problemlər barədə fikir mübadiləsi aparılıb və bunun həlli üçün təkliflər irəli sürülüb.
Görüşün yekununda “Audatex” sisteminin tətbiqi üzrə Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində İşçi Qrupunun yaradılması qərara alınıb.
Qeyd edək ki, “Audatex” fəaliyyətini “Solera” nəzdində həyata keçirən və İsveçrədə yerləşən “Audatex Holding GMBH” və “Audatex GMBH” şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yaradılıb. “Audatex” 1960-cı illərdə zərərlərin tənzimlənməsi mexanizminin sadələşdirilməsi məqsədilə Almaniyada özəl bir avtomobil təmir mərkəzində şassi və işçilərlə bağlı məlumatların toplanması nəticəsində ortaya çıxıb.
1971-ci ildə “Audatex” zərərlərin təsbitində daha effektiv və etimad edilən bir sistem olması məqsədilə İsveçrə bazarına təqdim olunub. “Audatex” zərərlərin hesablanması və tənzimlənməsi mexanizmini 55-dən çox ölkəyə təqdim edən beynəlxalq şirkətdir. Bu ölkələrdə “Audatex” sığorta şirkətləri, ekspertlər və avtomobil təmir mərkəzləri arasında ortaq dilin istifadəsini təmin edərək bu sahədə standartları müəyyən edir və sektoru istiqamətləndirir.