“Avey” qoruğunda ağacəkmə aksiyası keçirilib
Bakı, 5 avqust, AZƏRTAC
“Nizami Gəncəvi İli” ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən də müxtəlif tədbirlər həyata keçirilir.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Göyəzən” filialında ağacəkmə aksiyası təşkil olunub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qoruq ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın qorunması üçün mütəmadi olaraq müxtəlif növ ağacların əkilməsi tədbirləri həyata keçirilir. Bu il isə Göyəzən dağının ətəklərində 880 ədəd Eldar şamı və badam tingləri əkilib. Ərazidə təmizlik, səliqə-sahman işləri aparılıb. Yeni əkilən ağacların suvarılması və qorunması üçün zəruri tədbirlər görülür.