Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımının ildönümü ilə bağlı Almaniya Bundestaqına müraciət etmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Avropa Azərbaycanlıları Konqresi (AAK) Xocalı soyqırımının ildönümü ilə bağlı Almaniya Bundestaqına müraciət etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, müraciət 16 il bundan əvvəl erməni separatçı qüvvələrinin başçısı, hazırda Ermənistanın prezidenti olan Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində dediyi sözlərlə başlayır: “Xocalıdan əvvəl, azərbaycanlılar bizi ciddi qəbul etmirdilər. Onların fikrincə, erməni xalqı dinc əhaliyə qarşı heç vaxt əl qaldırmayacaqdı. Biz bu stereotipi sındıra bildık”. Təəssüf ki, prezident Sarkisyan “Qara Bağ” kitabının müəllifinə dediyi bu sözləri yada salmağa tələsmir.
Müraciətdə qeyd olunmuşdur ki, 21 il bundan əvvəl erməni silahlı qüvvələri sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı həyata keçirmişlər.
Sənəddə vurğulanmışdır ki, “Human Rights Watch” beynəlxalq təşkilatı Xocalı qətliamını Azərbaycanın Srebrenitsası adlandıraraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhaliyə qarşı törədilən ən dəhşətli soyqırımı kimi qiymətləndirmişdir. Buna baxmayaraq, bu faciəni həyata keçirən cinayətkarlar indiyədək məsuliyyətə cəlb olunmamış və beynəlxalq məhkəmə qarşısında cavab verməmişlər. Xocalı soyqırımı cəzası verilməmiş bir cinayətdir. Bu səbəbdən, Xocalı hava limanının yenidən istifadəyə verilməsi Azərbaycan vətəndaşlarının ağrısıdır.
AAK müraciətdə Avropa ictimaiyyətini bu məsələdə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırır.